Qarabağ Dirçəliş Fondu “AIREX 2026” sərgisində uğurla iştirak edib

Qarabağ Dirçəliş Fondu “AIREX 2026” sərgisində uğurla iştirak edib

|
Paylaş:

4-6 noyabr tarixlərində Bakı Ekspo Mərkəzində ilk dəfə keçirilən Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi (AIREX 2026) yekunlaşıb.

“PASHA Property Management” şirkətinin təşkilatçılığı ilə keçirilən və 47 yerli, 14 xarici olmaqla ümumilikdə 61 şirkətin iştirak etdiyi sərgidə Qarabağ Dirçəliş Fondu (QDF) uğurla iştirak edib.

Sərginin rəsmi açılış mərasimində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev və “PAŞA Property Management” şirkətinin baş icraçı direktoru Tural Əliyev çıxış ediblər.

Xüsusən qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva noyabrın 4-də Bakı Ekspo Mərkəzində keçirilən “AIREX 2026” - Birinci Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi ilə tanış olublar.

Qarabağ Dirçəliş Fondunun stendində baxış zamanı Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev məlumat verib ki, Fond işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulmasına maliyyə dəstəyi göstərir, investisiya cəlb edir, dövlət-özəl tərəfdaşlığını təşviq edir və maarifləndirmə layihələri həyata keçirir. Fondun sərgidə iştirakının məqsədi onun fəaliyyət istiqamətləri və işğaldan azad edilmiş ərazilərdə aparılan irimiqyaslı bərpa-quruculuq işləri barədə ictimaiyyətin məlumatlılığının artırılması, ianəçilik mədəniyyətinin təbliğidir.

İdarə Heyətinin sədri eyni zamanda Fondun sifarişi ilə hazırlanmış, Qarabağ həqiqətləri və Azərbaycan Respublikasının Prezidentinin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərini əks etdirən “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” innovativ kitab layihəsi ilə bağlı da məlumat verib.

Daha sonra Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev “AIREX 2026” – Birinci Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi çərçivəsində keçirilən “Yenidənqurma və yeni baxış: Azərbaycanın şəhərsalma konsepsiyası” adlı paneldə məruzəçi qismində çıxış edib. 

“McKinsey & Company” şirkətinin tərəfdaşı Uğur Cem Yiğitin moderatorluğu ilə keçən panel görüşündə Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyevlə yanaşı, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov, “Chapman Taylor” şirkətlər qrupunun Direktorlar Şurasının üzvü Marselina Zielinska və “Modon Real Estate” şirkətinin dizayn üzrə icraçı direktoru Dryu Kent iştirak ediblər.

Qeyd edək ki, Qarabağ Dirçəliş Fondunun stendini ziyarət edən sərgi iştirakçılarına Fondun fəaliyyəti, işğaldan azad edilmiş ərazilərdə icra olunan və maliyyə dəstəyi göstərilən, eləcə də hazırda icrası davam edən layihələr və həyata keçirilən müxtəlif təşəbbüslər barədə ətraflı məlumat təqdim edilib. Ziyarətçilərə, həmçinin Fondun fəaliyyətini, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işlərini əks etdirən videoçarxlar nümayiş olunub.

Qarabağın zəngin mədəni irsini və təbii gözəlliklərini əks etdirən fotolar, tanınmış şairlərin şeirlərindən, xalq mahnılarından və bayatılardan seçilmiş misralar, eləcə də Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və digər tanınmış şəxslərin Qarabağa dair çıxışlarından sitatların yer aldığı guşə ziyarətçilərin böyük marağına səbəb olub.

Ənənəvi “Qarabağın inciləri” pazl oyunu bu il yenilənmiş məzmunla təqdim edilib, eyni zamanda ilk dəfə Qarabağın tarixi, mədəniyyəti və Vətən müharibəsinə dair viktorina təşkil olunub. Hər iki interaktiv fəaliyyətdə yüksək nəticə göstərən iştirakçılara Fond tərəfindən müxtəlif hədiyyələr, o cümlədən “Incredible Garabagh” kolleksiyasından t-shirtlər təqdim edilib.

Qeyd edək ki, “AIREX 2026” ölkəmizdə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunduğu dövrə təsadüf edir. Bakının gələcək inkişafı, eləcə də Qarabağ və Şərqi Zəngəzurda şəhər və kəndlərin yenidən qurulması fonunda sərgi Azərbaycanda həyata keçirilən layihələrin yerli və beynəlxalq auditoriyaya təqdim olunması baxımından mühüm platforma rolunu oynayır. 

Digər xəbərlər