“Qarabağ Gecəsi” xeyriyyə konserti

Bakı, Gəncə və Şuşa şəhərləri | Yekunlaşıb | Təşviqat işləri və çevik kommunikasiyalar
01/1

Ümumi məlumat

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərdən sonra doğma Qarabağda aparılan bərpa və yenidənqurma işləri sürətlə davam etdirilir.

Dövlət başçısının 4 yanvar 2021-ci il tarixli Fərmanı əsasında yaradılan Qarabağ Dirçəliş Fondu tərəfindən Qarabağın dirçəlişinə ianələrin cəlb edilməsi, bu sahədə aktiv iştirakçılığın, habelə fərdlər arasında məsələyə məqsədyönlü və şüurlu yanaşmanın təmin edilməsi üçün bir sıra tədbirlər həyata keçirilir.

Bu kontekstdə ianə mədəniyyətinin təşviqi və iştirakçılığın artırılması istiqamətində mədəni - kütləvi tədbirlərin təşkili xüsusi önəm daşıyır. “Qarabağ Gecəsi” adlı xeyriyyə konserti də məhz bu cür tədbirlərdəndir.

Bu günə qədər üçü Bakıda (2022, 2024 və 2025), biri Gəncədə (2023), ikisi Şuşada (2024 və 2026) və biri Laçında (2026) olmaqla 7 analoji konsert təşkil olunub. Bütün konsertlər Azərbaycan Respublikasının Xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü Fərhad Bədəlbəylinin təşəbbüsü ilə keçirilib.  

Tədbirlərdə hökumət rəsmiləri, millət vəkilləri, Qarabağ Dirçəliş Fonduna ianə edərək işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində görülən işlərə dəstək göstərən donor şirkətlərin və Fondun tərəfdaşlarının nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd olunmalıdır ki, “Qarabağ Gecəsi” xeyriyyə konsertləri Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, Fondun donorları - “Avrora Qrup”, “Avrora Qrup”a daxil olan “Tamstore” marketlər şəbəkəsi, “İtaldizayn” QSC, Veysəloğlu Şirkətlər Qrupu, “Azərlotereya” ASC, “Reform Group” MMC, “Huner Group” şirkəti və digər donor və tərəfdaşlarının dəstəyi ilə təşkil olunub.

Konsertlərdən əldə edilən vəsait işğaldan azad edilən ərazilərin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi, əsasən də burada mədəniyyət obyektlərinin bərpa olunması və yenidən qurulması istiqamətində həyata keçirilən tədbirlərə, o cümlədən “Pənahəli xanın İmarət Kompleksində bərpa-yenidənqurma işləri ilə bağlı layihə-smeta sənədlərinin hazırlanması" layihəsinin icrasına yönəldilib.

8 iyul 2025-ci il tarixində Bakıda keçirilmiş konsertdən əldə edilən vəsait isə Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun Vətən müharibəsində qazandığı möhtəşəm tarixi Zəfərin ictimaiyyətə nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə işğaldan azad edilmiş ərazilərdə İşğal və Zəfər muzeyləri komplekslərinin yaradılmasına yönəldiləcək.

Eyni zamanda konsertlərdən əldə edilən vəsait hesabına iki ədəd “Yamaha” istehsalı olan royal musiqi alətləri alınaraq Şuşa və Laçın şəhərlərinə hədiyyə edilib.