“Qarabağın Rəngləri”

Bakı şəhəri | Davam edir | Təşviqat işləri və çevik kommunikasiyalar
01/24

Layihə haqqında

  • Tarix: Oktyabr, 2023-cü il – May, 2024-cü il
  • Təşkilatçı: Qarabağ Dirçəliş Fondu
  • Təşkilati dəstək: Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəssamlıq Akademiyası
  • Mentorlar: Xalq rəssamları - Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Natiq Əliyev, Akademiyanın prorektoru Səlhab Məmmədov

Ümumi məlumat:

Qarabağ Dirçəliş Fondu (QDF) ölkə ictimaiyyətinin işğaldan azad edilmiş ərazilərin bərpası kimi mühüm bir missiya ətrafında birləşərək bərpa və quruculuq işlərinə töhfə verə bilməsi və ən əsası bu torpağın gözəlliyinin və Azərbaycan xalqının mədəni irsinin təbliğ olunması məqsədilə “Qarabağın Rəngləri” adlı layihənin icrasına başlayıb.

Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının təşkilati dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində Akademiyada təhsil alan 23 nəfər istedadlı gənc tərəfindən Qarabağın füsunkar və rəngarəng təbiətini, tarixi abidələrinin səssiz hekayələrini, mədəni irsin döyünən nəbzini və xalqımızın əzmkar ruhunu əks etdirən sənət əsərləri - 19 rəsm və 4 heykəltəraşlıq nümunəsi hazırlanıb.

Gənc müəlliflərin hazırladıqları çox məzmunlu sənət əsərləri Akademiyanın 250-dən artıq tələbə tərəfindən təqdim edilən eskizlər əsasında Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Natiq Əliyev və Akademiyanın prorektoru, Xalq rəssamı Səlhab Məmmədov kimi təsviri incəsənətimizin məşhur simalarından ibarət olan münsiflər heyəti tərəfindən seçilib.

Daha sonra təsviri incəsənət nümunələri layihənin rəsmi www.colorsofkarabakh.com internet səhifəsində satışa çıxarılıb. 01.05.2024-cü il tarixinə qədər 16 əsərin satışından ümumilikdə 75.400 AZN gəlir əldə edilib.

Yaradıcılıqla bağlı tələb olunan bütün xərclər (o cümlədən kətanlar, rənglər, materiallar, çərçivələr və s.) və tələbələr üçün birdəfəlik təqaüdlər Qarabağ Dirçəliş Fondunun dəstəyi ilə qarşılanıb.

Qarabağa olan hədsiz sevgidən ilhamlanaraq hazırlanan və Qarabağın sarsılmaz ruhunun ifadəsi olan sənət əsərlərinin 20.05.2024-cü il tarixində xüsusi qala gecəsi çərçivəsində təqdimat mərasimi keçiriləcək. Daha sonra əsərlər yeni sahiblərinin razılığı ilə Bakının ən məşhur qalereyalarından birində xüsusi təşkil ediləcək sərgidə geniş ictimaiyyət üçün nümayiş olunacaq.

Layihə və işlər haqqında ətraflı məlumatla layihənin rəsmi internet-səhifəsi, xüsusi kataloqu və qiymət cədvəlindən tanış olmaq mümkündür.

Rəsmi internet-səhifə

Kataloqa keçid

Qiymət cədvəli

Qeyd: Əsərlərin satışından toplanan bütün vəsait Ağdam rayonunun ərazisində yerləşən və hazırda Qarabağ Dirçəliş Fondunun maliyyə dəstəyi ilə bərpa olunan Pənahəli xanın İmarət kompleksinin bərpasına yönəldiləcək.