Xankəndidə “Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu” keçirilib

Xankəndidə “Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu” keçirilib

|
Paylaş:

2 iyun 2025-ci il tarixində Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində Azərbaycanın işğaldan azad edilmiş ərazilərində təhsil və dövlət-özəl tərəfdaşlığının inkişafını təşviq etmək məqsədi daşıyan “Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu” keçirilib.

Qarabağın bərpası və inkişafında bütün tərəflərin koordinasiyalı fəaliyyətinin vacibliyini bir daha gündəmə gətirən tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsi Elçin Yusubov, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, eləcə də dövlət qurumlarının nümayəndələri, özəl sektor təmsilçiləri, Qarabağ Universitetinin professor-müəllim heyəti iştirak edib.

Forum “Gələcəyin Qarabağı üçün birgə addımlar” konsept mesajı ilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin tərəfdaşlığı, Qarabağ Dirçəliş Fondu, Təhsilin İnkişafı Fondu, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı və Qarabağ Universitetinin birgə təşkilatçılığı ilə təşkil olunub.

Forumun açılış mərasimində Qarabağ Universitetinin rektoru Şahin Bayramov tədbirin iştirakçılarını salamlayaraq giriş nitqi ilə çıxış edib. Daha sonra elm və təhsil naziri Emin Əmrullayev və Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsi Elçin Yusubov çıxış edərək, Qarabağ bölgəsində təhsilin inkişafı, insan kapitalının gücləndirilməsi və dövlət-özəl sektor əməkdaşlığının strateji əhəmiyyəti barədə bir sıra mühüm fikirlər səsləndiriblər.

Fərqli sektorları təmsil edən qurumlar və şirkətlərlə Təhsilin İnkişafı Fondu arasında “Qarabağ Təqaüd Proqramı”nın təsis olunması haqqında əməkdaşlıq memorandumunun imzalanması Forumun əsas nəticələrindən biri olub. Burada əsas məqsəd regionun sosial-iqtisadi inkişafına töhfə vermək, dövlət-özəl sektor əməkdaşlığını gücləndirmək, eləcə də gəncləri Qarabağa yönləndirmək və regiona olan marağı artırmaq, tələbələrə maddi dəstək göstərmək, onların akademik və peşəkar inkişafını təşviq etməkdir.

Memoranduma əsasən, Qarabağ Dirçəliş Fondu, Veysəloğlu Şirkətlər Qrupu, Azərbaycan Beynəlxalq Bankı, “Kapital Bank” ASC, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı, “McDonald’s Azərbaycan” QSC Qarabağ Universitetində təhsil alan tələbələr üçün təqaüd proqramı təsis etmək öhdəliyini üzərlərinə götürüb.

Bununla yanaşı, “PSG Capital” İnvestisiya şirkəti, ASELSAN şirkəti, “GEN ilaç” şirkəti, “LANDAU School” məktəb kompleksi, Hədəf Şirkətlər Qrupu, Çaşıoğlu şirkəti, İnci Şirkətlər Qrupu, “Code Academy”, Bakı Dizayn Akademiyası və TUNA şirkəti də tələbələrə təqaüd ayıraraq bu təşəbbüsə öz töhfələrini verəcəklər.

Burada əsas məqsəd regionun sosial-iqtisadi inkişafına töhfə vermək, dövlət-özəl sektor əməkdaşlığını gücləndirmək, eləcə də gəncləri Qarabağa yönləndirmək və regiona olan marağı artırmaq, tələbələrə maddi dəstək göstərmək, onların akademik və peşəkar inkişafını təşviq etməkdir.

Təqaüd proqramı bölgədə insan kapitalının formalaşdırılmasına xidmət etməklə yanaşı, sosial həssas qruplara dəstək göstərməyi və akademik nailiyyətləri yüksək olan tələbələrin motivasiyasını artırmağı hədəfləyir.

Daha sonra Forum çərçivəsində peşəkar moderator və spikerlərin iştirakı ilə iki fərqli mövzu üzrə panel müzakirəsi təşkil olunub. Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibovun moderatorluğu ilə keçirilən “Böyük Qayıdış: Çağırışlar və imkanlar” adlı I paneldə elm və təhsil naziri Emin Əmrullayev, Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsi Elçin Yusubov, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev və Qarabağ Universitetinin rektoru Şahin Bayramov spiker qismində çıxış edərək, bölgənin yenidən qurulması və insan resurslarının inkişafı məsələlərinə toxunublar.

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev çıxışında işğaldan azad edilmiş ərazilərin bərpasının Azərbaycan cəmiyyəti üçün böyük bir çağırış olduğunu bildirib. Onun sözlərinə görə, əksər nüfuzlu dövlətlər və təşkilatlar ikili standartlar nümayiş etdirdikləri üçün Qarabağın bərpasını Azərbaycan öz imkanları hesabına həyata keçirir.

Bərpa-quruculuq işlərinin miqyasının həddindən artıq böyük olduğunu deyən İdarə Heyətinin sədri ölkə ictimaiyyətinin, o cümlədən özəl sektorun bərpa prosesində iştirakının vacibliyini vurğulamaqla yanaşı, QDF-in bu işdə vahid platforma rolunu oynamağa hazır olduğunu diqqətə çatdırıb.

“Qarabağ bizim qürurumuz, gələcəyimizin simvoludur. Buna görə də Qarabağı bərpa etmək hər birimizin mənəvi borcudur. Qarabağ Universitetində bu cür tədbiri keçirməklə biz Qarabağın bərpası ilə yanaşı, həm də gələcəkdə bölgənin və ümumilikdə ölkəmizin inkişafına xidmət edəcək ixtisaslı kadrların hazırlanmasına öz töhfəmizi vermiş oluruq. Fondun donorlarının bu işdə fəal iştirak etməsi isə olduqca təqdirəlayiq haldır. Qarabağ Dirçəliş Fondu olaraq bu cür təşəbbüsləri bundan sonra da dəstəkləyəcəyik”- deyə, Rəhman Hacıyev vurğulayıb.

II panel “Qarabağda dövlət-özəl tərəfdaşlığı imkanları” mövzusuna həsr olunub. Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmovun moderator qismində çıxış etdiyi paneldə “Veysəloğlu” Şirkətlər Qrupunun təsisçisi və Baş icraçı direktoru Aydın Talıbov, Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədrinin müavini Taleh Tahirli, “Kapital Bank” ASC-nin İdarə Heyətinin üzvü Fərid Hidayətzadə, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının sədri Araz Paşayev bölgədə dövlət-özəl tərəfdaşlığının perspektivləri və qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Digər xəbərlər