Qarabağ Dirçəliş Fondu “Rebuild Garabagh - 2026” sərgisində uğurla iştirak edib

Qarabağ Dirçəliş Fondu “Rebuild Garabagh - 2026” sərgisində uğurla iştirak edib

|
Paylaş:

14-16 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisi (“Rebuild Garabagh – 2026”) yekunlaşıb.

Qarabağ Dirçəliş Fondu (QDF) artıq altıncı dəfə qatıldığı sərgidə uğurla iştirak edib.

Qarabağ Dirçəliş Fondunun stendini ziyarət edən sərgi iştirakçılarına Fondun fəaliyyəti, işğaldan azad edilmiş ərazilərdə icra olunan və maliyyə dəstəyi göstərilən, eləcə də hazırda icrası davam edən layihələr və həyata keçirilən müxtəlif təşəbbüslər barədə ətraflı məlumat təqdim edilib. Ziyarətçilərə, həmçinin Fondun fəaliyyətini, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işlərini əks etdirən videoçarxlar nümayiş olunub.

Qarabağın zəngin mədəni irsini və təbii gözəlliklərini əks etdirən fotolar, tanınmış şairlərin şeirlərindən, xalq mahnılarından və bayatılardan seçilmiş misralar, eləcə də Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və digər tanınmış şəxslərin Qarabağa dair çıxışlarından sitatların yer aldığı guşə ziyarətçilərin böyük marağına səbəb olub.

Bir neçə ildir sərgi iştirakçılarına təqdim olunan “Qarabağın inciləri” pazl oyunu bu il də Fondun stendində yer alıb. Oyunun məzmunu yenilənərək Qarabağın tarixi abidələri ilə yanaşı, Vətən müharibəsindən sonra inşa edilmiş yeni tikililərlə zənginləşdirilib.

Eyni zamanda, builki sərgidə Fondun stendində ilk dəfə Qarabağın tarixi, mədəniyyəti, görkəmli şəxsiyyətləri və Vətən müharibəsi ilə bağlı sualları əhatə edən viktorina təşkil olunub. İştirakçılar sualları cavablandıraraq öz biliklərini sınamaq və interaktiv formatda Qarabağ haqqında məlumatlarını genişləndirmək imkanı əldə ediblər.

Həm pazl oyununda, həm də viktorinada iştirak edərək yüksək nəticə göstərən ziyarətçilərə Fond tərəfindən müxtəli hədiyyələr, o cümlədən “Incredible Garabagh” kolleksiyasından üzərində Qarabağın simvolları təsvir olunan t-shirtlər təqdim olunub.

Sərgi çəçivəsində Qarabağ Dirçəliş Fondunun təşkilatçılığı ilə iki panel görüşü də təşkil olunub. Sərginin ilk günündə - 14 oktyabr tarixində “Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” mövzusunda keçirilən panel görüşündə millət vəkili Şahin Seyidzadə, gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev, Azərbaycan Respublikasının Gənclər Fondunun İcraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev və “PAŞA Bank” ASC-nin İnsan resursları üzrə baş direktoru Zibeydə Hacıyeva iştirak ediblər.

Fondun Fandreyzinq və kommunikasiya şöbəsinin müdiri Pərvin Bağırovanın moderatorluğu ilə keçirilən panel görüşündə işğaldan azad edilmiş ərazilərdə gənclər üçün yaradılan təhsil, məşğulluq və karyera imkanları, sahibkarlıq təşəbbüslərinin və innovativ ideyaların dəstəklənməsi, peşəkar kadr potensialının formalaşdırılması, eləcə də gənclərin idarəetmə və qərar qəbuletmə proseslərində iştirakı və Qarabağın bərpa-quruculuq prosesinə cəlb olunması məsələləri müzakirə edilib.

15 oktyabr tarixində “Qarabağ həqiqətləri: rəqəmsal medianın imkanları və sosial təsiri” mövzusunda təşkil olunan ikinci panel müzakirəsində isə millət vəkili Hikmət Babaoğlu, "ASAN Radio və TV"nin direktoru Emin Musavi, Azərbaycan Respublikası Media və Yayım Şurasının Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli, “ASAN AI Hub”ın rəhbəri Ləman İbrahimova, texnologiya və innovasiya üzrə mütəxəssis Fərid Pərdəşünas iştirak ediblər.

Panel görüşündə rəqəmsal medianın Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında və tarixi yaddaşın qorunmasında rolu, bərpa-quruculuq işləri barədə məlumatların qlobal informasiya məkanında yayılması, dezinformasiya ilə mübarizə və media savadlılığının artırılması məsələləri müzakirə olunub, eləcə də süni intellektin medianın fəaliyyətinə təsiri, informasiya təhlükəsizliyinin təmin edilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Sərgi çərçivəsində ziyarətçilər işğaldan azad edilən ərazilərdə aparılan bərpa-quruculuq işlərini əks etdirən “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi ilə də tanış olmaq imkanı əldə ediblər.

Qarabağ Dirçəliş Fondunun sərgidə fəal iştirak etməsi ilə yanaşı, stendi də təşkilatçılar tərəfindən yüksək qiymətləndirilib. Belə ki, Fondun stendi “Ən yaxşı dizayna malik stend” nominasiyası üzrə xüsusi sertifikata layiq görülüb.

Qeyd edək ki, “Rebuild Garabagh” Qarabağın bərpasına həsr olunmuş yeganə və ilk ixtisaslaşmış sərgi olmaqla yanaşı, bir çox dövlət qurumları və nazirliklər tərəfindən dəstəklənən özəl sektor-dövlət tərəfdaşlığını möhkəmləndirmək üçün cəlbedici və səmərəli biznes platforma rolunu oynayır.

Sərginin keçirilməsində məqsəd işğaldan azad olunduqdan sonra Qarabağdakı müsbət dəyişikliklərə, bərpa və yenidənqurma işlərinə diqqət çəkmək, biznesin bu ərazilərin inkişafında və infrastrukturunun bərpasında iştirakını, buraya investisiya qoyuluşunu təşviq etməkdir.

Digər xəbərlər