
Silahlar susduqdan uzun müddət sonra belə, minalar və partlamamış hərbi sursatlar öldürməyə və insanlara ağır xəsarətlər yetirməyə davam edir. Dünyanın müxtəlif ölkələrində onlarla dövlət torpağın altında gizlənən bu görünməz təhlükə ilə yaşayır ki, bu da sülhə, inkişafa və normal həyata ciddi maneə yaradır.
Azərbaycan bu problemdən ən çox zərər çəkmiş ölkələr sırasındadır. Qarabağ və Şərqi Zəngəzurun 30 illik işğalı dövründə bölgədə 1,5 milyondan çox mina basdırılıb. 2020-ci ilin noyabrında ərazilərin azad olunmasından 3 aprel 2026-cı ilədək baş verən mina hadisələri nəticəsində 72 nəfər həlak olub, 349 nəfər isə yaralanıb, nəticədə ümumilikdə 421 nəfər zərər çəkib.
Lakin təhlükə yalnız insan itkiləri ilə məhdudlaşmır. Minalar kənd təsərrüfatını iflic edir, nəqliyyat və kommunikasiya şəbəkələrinin inkişafına mane olur, iqtisadi inkişafı ləngidir. Ən əsası isə onlar yenidənqurma işlərinin və üç onillik ərzində doğma yurdlarından didərgin düşmüş yüz minlərlə keçmiş məcburi köçkünün təhlükəsiz qayıdışının qarşısındakı ən böyük maneə olaraq qalır.
Dünyanın bir çox ölkəsi bu yükü bölüşür. Onlardan bəziləri artıq onilliklərdir ki, piyada əleyhinə minaların qadağan edilməsi üzrə Ottava Konvensiyasına qoşulublar. Lakin Azərbaycan qonşu ölkələr bu konvensiyadan kənarda qaldığı halda ona qoşula bilməsə də, minalardan təmizləmə fəaliyyətini həmin konvensiyanın iştirakçısı olan bir çox ölkədən daha sürətli həyata keçirir.
Prezident İlham Əliyevin rəhbərliyi və uzaqgörən siyasəti nəticəsində humanitar minatəmizləmə ölkə üzrə strateji prioritetə çevrilib. 2020–2026-cı illər ərzində 261 500 hektardan çox ərazi minalardan təmizlənib. 41 000-dən artıq piyada əleyhinə mina, 23 000 tank əleyhinə mina və 181 700 partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib. Bu ANAMA-nın və prosesə cəlb olunmuş bütün müvafiq dövlət qurumlarının yorulmaz və fədakar fəaliyyəti nəticəsində əldə olunmuş mühüm nailiyyətdir.
Azərbaycanın minatəmizləməyə sadiqliyi yalnız öz sərhədləri ilə məhdudlaşmır. Mina ilə çirklənmiş onlarla ölkənin eyni problemlə üzləşdiyini nəzərə alan Prezident İlham Əliyev beynəlxalq səviyyədə bu məsələnin fəal müdafiəçilərindən biri kimi çıxış edir, kollektiv fəaliyyətə və yeni beynəlxalq mexanizmlərin yaradılmasına çağırış edir.
2023-cü il 5 iyun tarixində Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər Görüşündə çıxış edən Prezident Azərbaycanın bu sahədə baxışını belə ifadə edib:
“Minalar yenidənqurma prosesini və keçmiş məcburi köçkünlərin azad edilmiş ərazilərə qayıdışını ləngidir. Bunu nəzərə alaraq, Azərbaycan humanitar minatəmizləmə üzrə xüsusi milli Dayanıqlı İnkişaf Məqsədi müəyyənləşdirib. Bundan başqa, Azərbaycan qlobal miqyasda humanitar minatəmizləmə səylərini dəstəkləyir və minatəmizləmənin 18-ci Dayanıqlı İnkişaf Məqsədi olması təklifini irəli sürmüşdür.
Əminəm ki, Qoşulmama Hərəkatının üzv dövlətləri səsimizi qlobal miqyasda eşitdirmək üçün Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılması təklifimi dəstəkləyəcəklər”.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və ANAMA ilə tərəfdaşlıq çərçivəsində Qarabağ Dirçəliş Fondu azad edilmiş ərazilərdə mina təhlükəsinə dair maarifləndirməni gücləndirməyə yönəlmiş birgə qrant layihəsinə start verib.
Bu təşəbbüs çərçivəsində artıq 10 qeyri-hökümət təşkilatı tərəfindən təqdim olunan layihə seçilib və yaxın zamanda onların icrasına başlanılacaq.
Texnoloji müstəqillik də bu istiqamətdə əsas sütunlardan biridir. Prezident İlham Əliyevin yerli istehsalın təşviqi strategiyasına uyğun olaraq, Qarabağ Dirçəliş Fondu yerli sahibkarların dəstəyi ilə ANAMA-ya Azərbaycanın istehsalı olan “Revival P” minatəmizləmə maşınını təqdim edib. Bu texnika həm təmizləmə işlərinin sürətini artırır, həm də minaaxtaranların təhlükəsizliyini gücləndirir.
Fondun minatəmizləmə sahəsinə dəstəyi bununla da yekunlaşmır. “Azərlotereya” ASC ilə birlikdə Qarabağ Dirçəliş Fondu ANAMA-ya xüsusi təlim keçmiş üç minaaxtaran it də hədiyyə edib ki, bu da sahədə aşkarlama imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir. Hazırda adları Romi, Şimşək və Skubi olan itlər öz vacib missiyalarını icra etməyə davam edirlər.
Minatəmizləmə Qarabağın dirçəlişinin təməlini təşkil edir. Torpaqlar təmizləndikcə həyat hər mənada geri qayıdır.
Məqsədimiz aydındır: minalardan azad, təhlükəsiz və firavan Qarabağ.



















