Xocalı rayonu ərazisində tut bağlarının salınması və ipək qurdunun yem ehtiyatının formalaşdırılması

Xocalı rayonu | Davam edir | Ekoloji tarazlığın bərpası
01/1

Layihə haqqında

  • Sifarişçi: “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə” PHŞ
  • Maliyyə dəstəyi: Qarabağ Dirçəliş Fondu
  • İcraçı / Resipiyent: “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə” PHŞ
  • Podratçı: “Aqrotarım” MMC
  • Büdcə: 693.607,20 AZN (altı yüz doxsan üç min altı yüz yeddi manat iyirmi qəpik)

Xocalı rayonunun Daşbulaq kəndində həyata keçirilən layihə bölgədə ənənəvi ipəkçiliyin bərpasına, ekoloji tarazlığın gücləndirilməsinə və kənd təsərrüfatının dayanıqlı inkişafına xidmət edir. Uzun illər ərzində istifadəsiz qalmış torpaq sahələrinin yenidən təsərrüfata qaytarılması məqsədilə aparılan yaşıllaşdırma tədbirləri çərçivəsində 13 hektarlıq ərazidə yeni tut bağılarının salınması planlaşdırılır.

Layihənin məqsədi

Sözüqedən tut bağlarının yaradılması həm ipəkqurdunun keyfiyyətli yem bazasının formalaşdırılması, həm də regionda iqtisadi fəallığın artırılması baxımından strateji əhəmiyyət daşıyır. Bu təşəbbüs gələcəkdə ipəkçiliyin sənaye miqyasında inkişafı üçün təməl rolunu oynayacaq, yerli əhali üçün yeni məşğulluq imkanları yaradacaq və kənd təsərrüfatı məhsuldarlığının yüksəldilməsinə töhfə verəcək.

Salınacaq tut bağılarının həmçinin Xocalı rayonunun təbii landşaftının bərpasına, torpaqların eroziyadan qorunmasına və uzunmüddətli ekoloji sabitliyin təmin olunmasına xidmət edəcək. Layihə çərçivəsində torpaq hazırlanması, tinglərin əkilməsi, suvarma infrastrukturunun qurulması və davamlı aqrotexniki qulluq tədbirləri ardıcıl şəkildə həyata keçirilir.

Qarabağ Dirçəliş Fondu tərəfindən ayrılan 693,607.20 AZN məbləğində maliyyə dəstəyi (qrant) ilə həyata keçirilən bu layihənin birinci mərhələsinə uyğun olaraq hər hektara 10 min tut tingi olmaqla, ümumilikdə 13 hektar ərazidə Çin Xalq Respublikasından idxal olunmuş 130 min ağacın əkilməsi təmin edilib ki, bununla da ipəkqurdunun yem ehtiyatı formalaşdırılıb. Eyni zamanda tut bağında müasir damcılı suvarma sistemi yaradılıb.

Növbəti aylarda layihənin ikinci mərhələsi çərçivəsində əlavə olaraq 150 hektar ərazidə Çin Xalq Respublikasından idxal olunan daha 1,5 milyon tut tinginin əkilməsi nəzərdə tutulub.

Layihə çərçivəsində nəzərdə tutulan işlər:

  • İpəkçiliyin inkişaf etdirilməsi;
  • Ətrafda kümxanaların qurulması;
  • İpəkqurdunun bəslənməsi və yaş barama istehsalının təşkili;
  • Məhsulun emalı üçün müvafiq infrastrukturun yaradılması planlaşdırılır.

Hazırda ərazidə torpağın şumlanması, dərmanlanması və alaq bitkilərdən təmizlənməsi işləri icra olunur.